Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilmişdir

21 may 2021 | 16:00

Mayın 21-də Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova, F C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, müəllim və şagird kollektivi, əməkdar müəllim Məhin Orucova, Köçərli adına Respublika uşaq kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Qahirə Məmmədova iştirak etmişlər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan olunmasını azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə ehtiramın təzahürü olduğunu qeyd edən Səbail RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova bildirmişdir ki: “2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, Azərbaycan Yazıçıları Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvi şairə Azadə Novruzova Nizaminin yaradıcılığında bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmasından söz edərək, onun ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini bildirmişdir.
Daha sonra C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, əməkdar müəllim Məhin Orucova çıxış edərək Nizami Gəncəvi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünyaya bəxş etdiyi ən böyük siması olduğunu vurğulayaraq bildirmişdir ki, o, nəinki bizim və müsəlman şərqinin, həm də dünya mədəniyyətinin sütunlarından biri olmuşdur.
Tədbir zamanı Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Qahirə Məmmədova çıxış edərək Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini söyləyib. Şair dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncə şəhərində yaşayıb-yaratmış, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirdiyini diqqətə çatdırmışdır.
Sonda konfransda iştirak edən müəllim və şagirdlər gənc nəslin maarifləndirilməsinə xidmət göstərən müsabiqələrin keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən görüşlərin təşkilinə görə öz minnətdarlığını bildirmişlər.

Keçidlər