Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağa həyat qayıdacaqdır

19 noyabr 2020 | 16:00

Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun müzəffər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla, qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış zəfərlər siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşadı, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını sübut etdi. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq arenadakı nüfuzumuz və fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisə olaraq tarixə həkk oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. 28 ildən artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, həm də çox böyük mənəvi məna daşıyır.
Ordumuz gözəl Qarabağın tacı sayılan bu tarixi şəhəri özünəlayiq misilsiz bir qəhrəmanlıqla, əlbəyaxa döyüşlə aldı. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Şuşa hər bir azərbaycanlının irsi yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Ümummilli lider Heydər Əliyev demişdir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.
27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir.
Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. Ölkə başçısı noyabrın 17-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı ölkə başçısı qeyd etmişdir ki: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”.
Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ölkə başçı qeyd etmişdir ki: “Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”. Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Keçidlər