Şriftin ölçüsü :

Saytın rəngi :

E-Sabail layihəsi ilə bağlı əməkdaşlar üçün növbəti təkmilləşdirmə təlimi keçirilmişdir

15 iyun 2021 | 16:00

İyunun 14-də Səbail Rayon İcra Hakimiyyətində www.esabail.az layihəsinin növbəti təkmilləşdirmə işlərinin müzakirəsi üzrə iclas keçirilmişdir. Tədbirdə RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİHBA-nın məsul əməkdaşları, Səbail MKTB-nin rəisi, Səbail Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçının birinci müavini Vüqar Şixəmmədov “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına uyğun olaraq elektron idaəetmə sisteminin tətbiq edilməsi, Səbail rayonunun sakinlərinin məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə yaradılmış www.esabail.az layihəsinin şöbələrdə və yerlərdə tətbiqinə dair işlərin mütəmadi həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Rayon İcra Başçısının müvafiq əmrinə əsasən, vəzifə bölgüsünün aparılması, tapşırıqların verilməsi və icra mexanizmləri izah olunmuşdur. Layihənin mobil tətbiqinin yükləndiyi planşetlər nümayəndələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədi ilə məsul şəxslərə təqdim olunmuşdur.
Daha sonra Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Əsədova qeyd etmişdir ki, artıq uzun müddətdir istifadəyə verilən bu portalda bir çox əhəmiyyətli işlər görülmüş, o cümlədən portalın funksionallığının artırılması məqsədi ilə aidiyyəti qurumlarla genişmiqyaslı əməkdaşlıq tədbirləri hal-hazırda davam etməkdədir.
Məlumat üçün bildiririk ki, davamlı olaraq gün ərzində portala vətəndaşlar tərəfindən ümumilikdə iyirmidən çox müxtəlif kateqoriyalı müraciətlər daxil olur. Onlardan hüquqi məsləhətlər, kommunal xidmətlər, mənzil şəraitinin yaxşılaşdırılması və təmir-tikinti ilə əlaqədar məsələlər müraciətlər arasında çoxluq təşkil etməkdədir. Qeyd olunan proseslər Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır.

Keçidlər