Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərin xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkildi

23 fevral 2021 | 16:00

Fevralın 23-də Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri, eyni zamanda Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ailə üzvləri, qazilər, RİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Xocalı faciəsi qurbanlarının, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini əbədiləşdirmək üçün 613 ağac tingi rayon ərazisində yaşayan xocalılar, şəhid ailələri və digər qonaqların iştirakı ilə torpağa basdırılıb. 
Tədbir zamanı iştirakçılar tərəfindən qeyd olunmuşdur ki, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Son illər ərzində ölkəmizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər tarixi qələbəmizi şərtləndirən mühüm məsələlər sırasındadır. Qətiyyətli lider, müzəffər ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Vətən müharibəsindəki misilsiz qələbə Azərbaycan xalqının, onun liderinin, qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirən xocalılar görüşdə çıxış edərək bu 29 il ərzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşadıqlarını, tariximizin bu mərhələsində qazandığımız qələbənin böyük xoşbəxtlik olduğunu bildirmişlər.
Qeyd etmək istəyirik ki, fevralın 16-da Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Səbail rayonunda 200 ağac əkilmişdir.

Keçidlər