Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezident İlham Əliyevin yanındadır

01 oktyabr 2020 | 16:00

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair 27 sentyabr tarixində birgə bəyanat yaymışlar. Bu bəyanat təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Çox sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar bu çətin tarixi dövrdə kənarda qalmadılar. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyalarının birgə bəyanatı Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir, milli, siyasi birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir.
Bu bəyanat göstərir ki, siyasi partiyaların rəhbərləri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və işğalçı siyasətini şiddətlə qınayır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirməsi qəbul olunmazdır. Ermənistan 27 ildir ki, Azərbaycana qarşı davam edən təcavüzünün, o cümlədən Dağlıq Qarabağın və yeddi ətraf rayonun cinayətkar rejim tərəfindən qanunsuz olaraq işğal etməsi, bununla yanaşı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını yada salınması lazımdır. Hal-hazırda Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını hər kəs tələb edir.
Hamıya bəllidir ki, Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə cəbhə xəttində atəşkəsi pozur və status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir.
Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi, onun yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisi, eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur.  Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
Azərbaycan hazırda suveren ərazilərində əks-hücum əməliyyatları həyata keçirir, BMT Nizamnaməsində nəzərdə tutulmuş fərdi özünümüdafiə hüququndan istifadə edir və ərazisini qeyri-qanuni xarici hərbi mövcudluqdan təmizləyir. Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi nəticəsində yaranmış cəzasızlıq hissi Ermənistan rəhbərliyini son hərbi avantüraya başlamağa sövq etdi, hansı ki, Ermənistan rəhbərliyinin dağıdıcı və təxribat xarakterli siyasətinin məntiqi davamıdır. Mövcud vəziyyətdə bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır,  ona güvənir. Azərbaycan hərbçiləri yüksək  vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaratmışlar. 
Ümumiyyətlə fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq iqtidar birliyini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan anti-milli qüvvələrə vurulan zərbədir.

Keçidlər