Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”

23 sentyabr 2020 | 16:00

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı sayca altıncı idi və qeyd etmək lazımdır ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv kimi qəbul olunub. Bundan sonra Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.
Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Cənab Prezident Qoşulmama Hərəkatına üzv ölkələrinin adından BMT-nin 75 illiyinə həsr edilmiş iclasında bildirmişdir ki: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.
Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlıq 1992-ci ildə BMT-yə üzv dövlət kimi qəbul edildikdən sonra başlayıb. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul etmişdir. Lakin qəbul edilən bu dörd qətnaməyə baxmayaraq, BMT kimi böyük təşkilatın qərarına o zamanda, hətta bu gündə Ermənistan silahlı qüvvələri uymur, atəşkəsi hər daim pozur. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülüb. Qətnamələrin müddəaları indiyədək yerinə yetirilməyib.
Bu gün sərhəddə yenidən gərgin vəziyyət davam edir. Son bir neçə ay ərzində Ermənistan tərəfindən törədilən hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bunu məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir.
Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Ölkəmizin təşəbbüsülə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.
Azərbaycan sabit, müasir və demokratik ölkədir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir və BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Keçidlər