Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Nicat Şükürlünün doğum günü münasibətilə məzarı ziyarət olundu

23 oktyabr 2021 | 16:00

Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canlarından keçən igid Vətən oğullarımızdan biri Şükürlü Nicat Ayaz oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü 2020-ci ilin oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Oktyabrın 23-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Şükürlü Nicat Ayaz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək qeyd etmişdir ki: “Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm cəsarət, həm qəhrəmanlıq göstərmişlər. 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimizin ailələri, döyüşlərdə iştirak etmiş hərbçilər, qazilər Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Bu kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxlayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir”.
Şəhid Nicat Şükürlünün valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini,  şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Keçidlər