Şriftin ölçüsü :

Saytın rəngi :

Şükürlü Nicat Ayaz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

12 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şükürlü Nicat Ayaz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Şükürlü Nicat 2020-ci il oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Oktyabrın 12-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri,  RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Şükürlü Nicat Ayaz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra şəhid Nicat Şükürlünün əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, Bayıl yaşayış sahəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov  ölkəmizin suverenliyi naminə həlak olan hər bir şəhidin keçdiyi həyat yolunun təkrarolunmaz olduğunu vurğulamışdır. Şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirən RİH başçısı qeyd etmişdir ki: “Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm cəsarət, həm qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin ailələri, döyüşlərdə iştirak etmiş hərbçilər, qazilər Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Bu kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxlayan Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir”.
Şəhid Nicat Şükürlünün ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər