Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatının yeni sədri partiya fəallarına təqdim olunub

22 sentyabr 2021 | 16:00

Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının yeni sədri Muxtar Nağıyev ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatların partiya fəallarına təqdim olunub. Tədbirdə eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin inzibati binasında Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülmüş, Ümummilli liderimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini, bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının üzvlərinin də fəal iştirak etdiyini, ötən illər ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatların mühüm nəticələr verdiyini bildirmişdir.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib. Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır”. Daha sonra RİH başçısı rayon təşkilatının yeni sədrini təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamış və Yeni Azərbaycan Partiyası üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini qeyd etmişdir.
Tədbir zamanı Muxtar Nağıyev çıxış edərək ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirmiş və bu etimadı layiqincə doğrultmağa çalışacağını ifadə etmişdir.
Sonda tədbirdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilmişdir.

Keçidlər