Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən medallarla təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə Səbail Rayon İcra Hakimiyyətində medallar təqdim edilmişdir

26 iyun 2021 | 16:00

İyunun 26-də Azərbaycan Respublikası Silahlı Qüvvələri günündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan Vətən müharibəsi iştirakçılarına və şəhidlərin ailə üzvlərinə medallar Səbail Rayon İcra Hakimiyyətində təqdim edilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Hər bir günü qəhrəmanlıq dastanı, hər bir günü bizim üçün əziz, doğma olan 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, bizim qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqaməti müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri və hər bir azərbaycanlı tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır. Artıq bu istiqamətdə ölkə başçısının tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Bu Fərman, eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir”. 
Tədbir zamanı çıxış edən Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı qeyd etmişdir ki: “Xalqımız 44 Günlük Vətən Müharibəsində böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Hazırda isə qarşıda yeni mühüm vəzifələr dayanır. Bu vacib vəzifələrdən biri şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, onlara sosial ödənişlərin ödənilməsi və bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mütəmadi işlər aparılır”.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, üzləşdikləri çətinliklərin qısa zaman kəsiyində aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılması istiqamətində yüksək işlər görüldüyünü qeyd etmiş, göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda medallarla təltif olunmuş Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvləri ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər